Türkiyə Səudiyyə Ərəbistanının husilərin hücumlarından qorunmasına dəstək verməyə hazırdır. Lakin Ankara Yəməndə husilərə qarşı həyata keçiriləcək hücum əməliyyatlarına birbaşa qoşulmaq niyyətində deyil.
Army.az xəbər verir ki, “Al-Monitor” bu barədə Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Türkiyəli rəsmilərdən biri Məkkə sazişinin mahiyyət etibarilə müdafiə xarakterli razılaşma olduğunu bildirib:
“Səudiyyə Ərəbistanı ərazisinin mümkün hücumlardan qorunmasına yardım göstərilməsi Ankaranın Yəməndə davam edən vətəndaş müharibəsinə hərbi müdaxilə etməsi demək deyil.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri Nyu-Yorkda Məkkə sazişi çərçivəsində hərbi əməkdaşlığın institusional əsaslarının yaradılmasını müzakirə ediblər.
Planın ilkin mərhələsində Ər-Riyadda Məkkə Müdafiə İttifaqının daimi katibliyinin və ortaq hərbi qərargahının yaradılması nəzərdə tutulur”.
