Yəməndəki husilərin nümayəndəsi İranla münasibətləri və Tehrana dəstəklə bağlı mövqelərini açıqlayıb.
Army.az xəbər verir ki, bunu “Ənsarallah” Hərəkatının “müdafiə nazirinin müşaviri” Məhəmməd əs-Sur “Defa Press”ə müsahibəsində bildirib.
O, husilərin İranı dəstəklədiyini və Tehrana qarşı hər hansı hücuma cavab verməyə hazır olduqlarını deyib. Əs-Surun sözlərinə görə, husilərin imkanları İrana qarşı hərəkət edən qüvvələrə təsir göstərə biləcək səviyyədədir.
Husilərin nümayəndəsi “Ənsarallah”ın İranın Yaxın Şərqdəki “müqavimət oxu”nun tərkib hissəsi olduğunu da açıq şəkildə bildirib.
“Biz İranın müqavimət oxunun bir hissəsiyik. İran bütün sahələrdə bizim yanımızda olan və bizi tək qoymayan yeganə ölkədir – nə bizi, nə Livanı, nə də İraqı”, – deyə o bildirib.
Əs-Sur İran və husilərin bundan sonra da koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyini vurğulayıb. O, həmçinin Bab əl-Məndəb boğazının husilərin nəzarətində olduğunu iddia edərək, bu marşrutun İranın maraqlarına uyğun şəkildə bağlanmasının mümkünlüyünü istisna etməyib.
