ABŞ və İran arasında müzakirə olunan ilkin anlaşma layihəsi atəşkəs rejiminin daha 60 gün davam etdirilməsini nəzərdə tutur.
Army.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Qəzetin ABŞ administrasiyasındakı mənbəsinə istinadən verdiyi xəbərə görə, Vaşinqton və Tehran İrandakı münaqişənin tam şəkildə dayandırılması məqsədilə qarşılıqlı anlaşma memorandumunun əsas prinsiplərini müəyyənləşdiriblər. Sənədin əsas müddəalarından biri 60 günlük atəşkəsin tətbiqidir.
Mənbələrin bildirdiyinə görə, tərəflər arasında hələ rəsmi imza atılmayıb və İran rəhbərliyi sənədə yekun təsdiq verməyib.
Nəşrin diplomatik dairələrdəki həmsöhbəti qeyd edib ki, memorandum qüvvəyə mindikdən dərhal sonra İran Hörmüz boğazında hərəkəti bərpa edəcək. Bundan əlavə, 30 gün ərzində gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması istiqamətində addımlar atılması planlaşdırılır.
