Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın tarixi əhəmiyyət daşıyan 2025-ci il 8 avqust görüşündən bir il ötür.
Army.az xatırladır ki, həmin tarixdə üç ölkənin lideri Vaşinqton danışıqlarının nəticələrinə dair Birgə Bəyannaməyə imza atıb.
Sənəddə qeyd edilir ki, İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik ediblər. Eyni zamanda Sazişin imzalanması və yekun ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulanıb.
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri hesab olunur.
Görüşün yekunlarına dair Birgə Bəyannamə tərəflərin sülh gündəliyinə sadiqliyini, qarşılıqlı münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasına hazır olduqlarını ifadə edib.
Sənəddə güc tətbiqinin və ya güclə hədələmənin yolverilməz olduğu vurğulanır, regionun gələcəyinin əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmasının vacibliyi qeyd edilir.Vaşinqton görüşü beynəlxalq ictimaiyyət tərəfindən də Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli diplomatik addım kimi dəyərləndirilir.
