Türkiyənin Antalya şəhərində başlayan yanğın qısa müddətdə balıqçılıq limanına çatıb və nəticədə 20-dən çox qayıq zərər görüb.
Army.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı Antalya valisi Hulusi Şahin açıqlama verib.
Alov gecə saat 03:30 radələrində Sarısu ərazisində, yol kənarındakı otlaq sahədə meydana gəlib. Güclü külək yanğının sürətlə genişlənməsinə səbəb olub və alov liman istiqamətində yayılıb.
Hulusi Şahin bildirib ki, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun digər qayıq və gəmilərə, eləcə də yaxınlıqdakı meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən müddətə nəqliyyatın hərəkətinə bağlanan Antalya-Kəmər avtomobil yolu daha sonra nəzarət təmin edildikdən sonra yenidən açılıb.
