Army.az xarici kv istinadən məlumat verir ki, Argentina artıq rəsmi şəkildə Dünya Səhiyyə Təşkilatından (DSÖ) ayrılıb. Bu qərar bir il əvvəl qəbul olunmuşdu və indi tam qüvvəyə minib.
Ölkə prezidenti Javier Milei və hökumət rəsmiləri bildiriblər ki, bu addım səhiyyə sahəsində daha müstəqil siyasət yürütmək məqsədi daşıyır. Onların sözlərinə görə, Argentina bundan sonra da digər ölkələrlə əməkdaşlığı davam etdirəcək, lakin qərarları özü verəcək.
Qeyd edək ki, Argentina bu barədə bildirişi 2025-ci ilin martında təqdim etmişdi və beynəlxalq qaydalara əsasən, çıxış bir il sonra qüvvəyə minir.
Bu qərarın əsas səbəblərindən biri kimi COVID-19 pandemiyası dövründə DSÖ ilə yaşanan fikir ayrılıqları göstərilir. Prezident Milei təşkilatın fəaliyyətini tənqid edib.
Bununla yanaşı, bəzi ekspertlər hesab edir ki, bu addım ölkə üçün müəyyən risklər yarada bilər və qlobal səhiyyə əməkdaşlığından uzaqlaşmaq mənfi təsir göstərə bilər.
