Ev Hərb tarixiAzərbaycanda Zəfər Günüdür

Azərbaycanda Zəfər Günüdür

by Baş Redaktor
57 Baxış

Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən altı il ötür. Ölkəmiz 8 Noyabr – Zəfər Gününü qeyd edir.

Army.az xəbər verir ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə və təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başlayıb. Əsas məqsəd işğal altındakı torpaqlarımızın azad edilməsi, Ermənistanın sülhə məcbur olunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası, məcburi köçkünlərin doğma yurdlarına qayıtması və tarixi ədalətin bərpası idi. Bu mübarizədə Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək dövlətimizin ətrafında səfərbər oldu.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi.

banner

Azad olunan ərazilər sırasında Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və 53 kəndi, Zəngilan şəhəri, Mincivan, Ağbənd və Bartaz qəsəbələri, eləcə də rayonun 52 kəndi yer alıb. Həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri və Laçın rayonunun 3 kəndi azad edilib. Ağdərə və Murovdağ istiqamətlərində bir sıra strateji yüksəkliklər, Zəngilan ərazisində isə Bartaz, Sığırıt, Şükürataz və daha 5 adsız yüksəklik nəzarətə götürülüb.

Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurlar, xüsusilə Şuşanın azad edilməsi müharibənin gedişində həlledici əhəmiyyət daşıyıb. Ermənistan məğlubiyyətini qəbul edərək Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa razılaşıb.

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin üçtərəfli bəyanat imzalayıblar. Sənədə əsasən, münaqişə zonasında atəş və bütün hərbi əməliyyatlar dayandırılıb. Bununla da 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatıb.

Əlaqəli Yazılar Xüsusi