Ərəb ölkələrindən birinin digər ərəb dövlətinə İsraillə sülh sazişi imzalamağı təklif etdiyi, bunun isə uzunmüddətli normallaşma deyil, mümkün müharibəyə hazırlıq üçün vaxt qazanmaq məqsədi daşıdığı iddia olunur.
Army.az xəbər verir ki, bu barədə “Israel Hayom” məlumat yayıb.
Bildirilib ki, təklifin əsas məqsədi İsrailin sayıqlığını azaltmaq və əldə olunacaq razılaşmadan hərbi hazırlıqların aparılması üçün istifadə etmək olub.
Məlumata əsasən, iki ərəb ölkəsi arasında bu məsələ ilə bağlı müzakirələr son aylarda aparılıb. Təklifə görə, İsraillə münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduqlarını nümayiş etdirmək və sazişin bağlanmasına çalışmaq, eyni zamanda isə bunu uzunmüddətli strategiya kimi nəzərdə tutmamaq planlaşdırılıb.
İddialara görə, hərbi qarşıdurmaya hazırlıq başa çatdıqdan sonra əldə olunan razılaşmanın pozulması nəzərdə tutulub.
Məlumatın yayılmasına səbəb olan mənbələr ölkələrin adlarını açıqlamayıblar. Nəşr bunu məlumatın dərcinə tətbiq olunan məhdudiyyətlərlə əlaqələndirir.
