Türkiyənin təşəbbüsü ilə İstanbulda yeddi ölkənin xarici işlər nazirlərinin R4+E3 formatında ilk görüşü təşkil olunacaq.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Görüşdə Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya və Fransanın nümayəndələri iştirak edəcəklər.
Danışıqların əsas gündəliyinə regional böhranlar, təhlükəsizlik məsələləri və ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanları daxil edilib.
Tərəflərin Fələstindəki vəziyyəti, Hörmüz boğazında mövcud durumu, Yəməndəki hadisələri, Suriyada sabitliyin möhkəmləndirilməsi perspektivlərini, həmçinin Rusiya-Ukrayna müharibəsinin nizamlanması və hərbi əməliyyatların Qara dənizə yayılmasının qarşısının alınması yollarını müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, R4 formatına Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı, E3 formatına isə Böyük Britaniya, Almaniya və Fransa daxildir. Yeni görüşün məqsədi iki format arasında regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı gücləndirməkdir.
