“Lockheed Martin” şirkəti “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan PAC-3 önləyici raketlərinin ABŞ-dən kənarda istehsal imkanlarını araşdırır.
Army.az xəbər verir ki, şirkətin qlobal biznesin inkişafı və strategiyası üzrə baş vitse-prezidenti Den Tenni “Kyiv Post”a açıqlamasında bildirib ki, bununla bağlı bir sıra müttəfiq ölkələrlə danışıqlar aparılır.
Onun sözlərinə görə, hazırda dünyada PAC-3 raketlərinə misli görünməmiş tələbat var. Tenni tələbin üç dəfə artdığını bildirib.
Şirkət nümayəndəsi qeyd edib ki, “Lockheed Martin” qarşıdakı beş il ərzində ABŞ-də ən azı 20 istehsal müəssisəsinin modernləşdirilməsi və inkişafına investisiya yatırmağı planlaşdırır. Paralel olaraq, istehsalın ölkə xaricində təşkili imkanları da nəzərdən keçirilir.
Ukraynanın mümkün PAC-3 istehsalında iştirak edib-etməyəcəyi və belə əməkdaşlığın nə vaxt başlaya biləcəyi ilə bağlı sualı cavablandırmayan Tenni bir sıra ölkələrlə danışıqların artıq “qabaqcıl mərhələdə” olduğunu bildirib.
“Biz bir sıra ölkələrlə dialoq aparırıq. Danışıqlar davam etdiyi üçün təfərrüatları açıqlamaq istəmirəm. Sistemlərin dəqiq harada istehsal olunacağı və hansı təchizatçıların prosesə cəlb ediləcəyi müzakirə olunur”, – deyə o qeyd edib.
