ABŞ prezidenti Donald Trump bildirib ki, Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün təxminən yeddi ölkədən ibarət beynəlxalq koalisiya yaratmaq istəyir. Bu məqsədlə bir sıra dövlətləri ABŞ-la birlikdə bölgəyə hərbi gəmilər göndərməyə çağırıb.
Trampın sözlərinə görə, dünyada neft daşımalarının böyük hissəsi bu boğazdan keçir və enerji baxımından bu marşrutdan asılı olan ölkələr onun təhlükəsizliyinə daha çox məsuliyyət götürməlidir.
O, xüsusilə Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya kimi ölkələrin bu təşəbbüsə qoşulmasını istəyib. Məqsəd bölgədə gərginlik və hücumlar fonunda ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etməkdir.
Hazırda Hörmüz boğazı dünya üçün strateji əhəmiyyətə malikdir. Qlobal neft tədarükünün təxminən 20 faizi bu marşrutdan keçir. Son hadisələr və İranla bağlı gərginlik səbəbindən bölgədə neft daşınması və beynəlxalq ticarət ciddi risk altına düşüb.
Bununla belə, bəzi ölkələr bu çağırışa ehtiyatla yanaşır və regionda vəziyyətin daha da gərginləşməsindən narahat olduqlarını bildirirlər.
