Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğramış Türkiyə hərbi təyyarəsinin ekipajının danışıqları təhlil edilib.
Army.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, C-130 təyyarəsinin qara qutusunun araşdırılması göstərib ki, ekipaj üzvlərinin danışıqlarında və təyyarənin sistemlərində qəza baş verənədək heç bir problem qeydə alınmayıb.
Hadisə qəfil baş verib və qara qutunun elektrik və informasiya kabelləri təyyarənin quyruq hissəsinin gövdədən ayrılması nəticəsində zədələnib. Bu səbəbdən qara qutuda qəzanın səbəbini aydınlaşdıracaq əlavə məlumat tapılmayıb.
Bundan başqa, nazirlik bildirir ki, təyyarənin mühərrikləri və vintləri ətraflı yoxlanıldıqda qəza baş verənədək normal işlədiyi müəyyən olunub.
“Gövdədə vintlərin ayrılması nəticəsində hər hansı zədələnmə əlaməti aşkar edilməyib,” – deyə rəsmi açıqlamada qeyd olunub.
