ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya gizli səfəri zamanı Rusiya tərəfinə NATO üzvü olan ölkələrə qarşı hər hansı hücumdan çəkinmək barədə xəbərdarlıq etdiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, Rusiya NATO ölkələrində kiberhücumlar, hibrid əməliyyatlar və digər təxribat xarakterli fəaliyyətlər həyata keçirməyə cəhd göstərə bilər. Mənbələr bunun əsas məqsədinin birbaşa müharibəyə başlamaqdan çox, NATO-nun birliyini və Tramp administrasiyasının müttəfiqlərini müdafiə etmək əzmini yoxlamaq ola biləcəyini bildiriblər.
Məlumata görə, ABŞ-ın narahatlığını artıran hadisələr arasında Rusiya dronlarının Rumıniyanın hava məkanına daxil olması, Rusiya raketinin Polşa ərazisini keçməsi, eləcə də Avropada ehtimal olunan diversiya və kiberhücumların artması göstərilir.
