Ermənistan Baş naziri Nikol Paşinyan İranla münasibətlərin qorunmasının ölkəsi üçün əhəmiyyətli olduğunu, lakin bunun Ermənistanın sanksiyalarla üzləşməsi riskinə səbəb olacaq səviyyəyə çatmayacağını bildirib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Paşinyan bu barədə danışarkən İrana qarşı tətbiq olunması planlaşdırılan yeni sanksiyalar paketinin Ermənistan tərəfindən araşdırıldığını qeyd edib.
Baş nazir Ermənistanın bütün tərəfdaşları ilə münasibətlərdə şəffaf siyasət yürütməyə çalışdığını və xüsusilə dost ölkələrlə mövcud əlaqələrin qorunmasına səy göstərəcəyini bildirib.
Bununla yanaşı, Paşinyan Ermənistanın keçməyəcəyi müəyyən bir həddin olduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin hədd ölkənin özünün sanksiyalara məruz qalması riski ilə bağlıdır.
Paşinyan belə bir təhlükənin yaranacağı təqdirdə İrəvanın müvafiq qərar qəbul etməli olacağını deyib.
