Rusiyanın Kapustin Yar poliqonunda 57 millimetrlik avtomatik topla təchiz edilmiş ZAK-57 zenit-artilleriya kompleksi nümayiş olunub.
Army.az xəbər verir ki, yeni qurğunun görüntüləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Max” sosial şəbəkəsindəki kanalında paylaşılıb.
Medvedevin poliqona səfəri zamanı çəkilən kadrlarda ZAK-57 kompleksinin fəaliyyəti əks olunub. Görüntülərə əsasən, sistemin əsasını əvvəllər S-60 zenit-artilleriya kompleksinin tərkibində istifadə edilən AZP-57 avtomatik topu təşkil edir. Topun dayaqlı qurğusu müasir hədəf aşkarlama vasitələri ilə təchiz edilib.
AZP-57 topu 6 kilometrədək məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. Onun maksimal atəş tezliyi dəqiqədə 120 mərmiyə çatır. Bu silah “Cəhənnəm döyənəkləri” adlandırılan ZSU-57-2 özüyeriyən zenit qurğularının arsenalında da yer alır. Topdan uzaq məsafədə partlayan 3UO7 tipli mərmilərdən istifadə etmək mümkündür.
