Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan ərazilərində yerləşən anklav və eksklavların mümkün mübadiləsi ilə bağlı fikirlərini açıqlayıb.
Army.az xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın iki ölkə arasında ərazi mübadiləsi ehtimalına dair bəyanatını şərh edərkən danışıb.
Mirzoyan qeyd edib ki, məsələ hər iki tərəf üçün həssas xarakter daşıyır və ortaq məxrəcə gəlinməsi vacibdir. Onun fikrincə, ərazilərin mübadiləsi ilə bağlı qərar ümumxalq səsverməsi vasitəsilə qəbul edilməlidir:
“Hər iki cəmiyyətin qəbul edə biləcəyi razılaşmanın əldə olunması tərəflər arasında qarşılıqlı etimadı gücləndirə və gələcək münasibətlərin inkişafına şərait yarada bilər.
Anklavlar və eksklavların mövcudluğu münasibətlər normal olsa belə, ölkələr üçün müəyyən texniki çətinliklər yaradır”.
Mirzoyan, həmçinin Azərbaycanın mövqeyinə toxunaraq bildirib ki, Bakı Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən sülh sazişinin imzalanmayacağını bəyan edir.
