Bu gün Azərbaycanda Qubadlı Şəhəri Günü qeyd edilir.
Army.az xatırladır ki, 6 il əvvəl, 2020-ci il oktyabrın 25-də, Vətən müharibəsinin 29-cu günü Qubadlı şəhəri və ətraf kəndlər Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunub.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün tviter hesabında bununla bağlı paylaşım edib. Paylaşımda bildirilib: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
Həmin il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaldıb.
Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin digər Sərəncamına əsasən, “Qubadlının azad olunmasına görə” medalı təsis edilib və Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular bu medalla təltif olunublar.
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsi Şərqi Zəngəzurun qərb sərhədində yerləşən dağlıq ərazidəki Qubadlıya gedən yolun açılmasında əhəmiyyətli rol oynayıb. Qubadlının şərqindəki Cəbrayılda düşmən hərbi birləşmələrinə sarsıdıcı zərbənin vurulması və cənubdakı Zəngilanda aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.
Azərbaycan Ordusunun hissələri Yazı düzünə Cəbrayıl rayonu istiqamətindən yarğanlar vasitəsilə irəliləyib, düşmənin 21 səngərinə və Qubadlı şəhərinə nəzarəti ələ keçirib. Digər bölmələrimiz isə Zəngilan istiqamətindən irəliləyərək bir sıra kəndləri işğaldan azad ediblər. Həmin hərbi əməliyyatlar nəticəsində oktyabrın 23-də əvvəlcə Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndləri Ordumuzun nəzarətinə keçib. Bundan iki gün sonra isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq kəndləri erməni silahlı birləşmələrindən təmizlənib.
Bölgədə ən gərgin döyüşlərin getdiyi yerlərdən biri Yazı düzü yüksəkliyi olub. Strateji əhəmiyyətə malik həmin yüksəkliyin erməni quldur birləşmələrindən azad edilməsi uğrunda gedən döyüşlər zamanı Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov şəhidlik zirvəsinə ucalıb.
Birinci Qarabağ müharibəsində Qubadlı rayonu 238 şəhid verib, 190 nəfər əlil olub, 78 nəfər itkin düşüb. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdikləri rəşadətə görə Qubadlıdan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Rayonun 300-ə yaxın sakini könüllü olaraq Vətən müharibəsində iştirak edib. Onlardan 11-i şəhid olub, 40 nəfərdən çoxu yaralanıb. Rayonun Yusifbəyli kəndindən olan əsgər Vüsal Yaqubov ən gənc yaşda – 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
İndi Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.
Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib.
Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhərinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “AzərEnerji” ASC-nin sistem əhəmiyyətli 1110/35/10 kilovatlıq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.
2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Həmin gün “Bərgüşadçay” və “Zabuxçay” su anbarının layihələri ilə tanış olublar, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub.
2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəb binasının, rayonun Xanlıq, Mahruzlu, Zilanlı kəndlərinin təməlini qoyub.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramına əsasən, Qubadlı rayonunu kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirmək nəzərdə tutulur.
Qeyd edək ki, Nazirlər Kabineti 2025-ci il sentyabrın 10-da Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını təsdiqləyib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
