Azərbaycanın böyük Zəfərlə nəticələnən ədalətli mübarizəsi Türk dünyası üçün də qürur rəmzinə çevrilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin sürətlə davam etməsi hər birimizi sevindirir.
Army.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.
Ərdoğan qeyd edib ki, Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə yüksələn “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq və qardaşlıq münasibətləri gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Türkiyə lideri həm ikitərəfli əlaqələrdə, həm də beynəlxalq platformalarda Azərbaycanla sıx əməkdaşlığın və həmrəyliyin davam etdiriləcəyinə əminliyini ifadə edib.
O, regionda sülh, təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində birgə səylərin nəticəsində Cənubi Qafqazın artıq münaqişə və qeyri-sabitlik məkanı deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanındığını vurğulayıb.
