Ukrayna vətəndaşlarının NATO-ya etimadı son bir ildə 55 faizdən 44 faizə qədər azalıb. Ölkənin Avropa İttifaqına mütləq üzv olması fikrini dəstəkləyənlərin sayı isə 2025-ci ildəki 43 faizdən 33 faizə düşüb.
Army.az xəbər verir ki, bu nəticələr Avropa İttifaqının Ukraynadakı Məsləhət Missiyasının (EUAM) sifarişi ilə keçirilən illik sorğuda əksini tapıb.
Araşdırmanın nəticələri noyabrın 11-də təqdim olunub.
Tədqiqatın nəticələrinə əsasən, beynəlxalq təşkilatlar arasında etimad səviyyəsinin ən ciddi azalması NATO-da qeydə alınıb. Hazırda respondentlərin yalnız 44 faizi alyansa güvəndiyini bildirir. Ukraynanın NATO-ya üzvlüyünü zəruri hesab edənlərin payı isə 43 faizdir.
Son illərdə Ukraynanın NATO-ya qoşulmaqla bağlı gözləntiləri zəifləyib, Qərblə inteqrasiyada Avropa İttifaqı istiqaməti daha çox ön plana çıxıb. Bununla belə, Aİ-yə üzvlüklə bağlı mövqelərdə də tərəddüdlər artmaqdadır. Sorğu iştirakçılarının 56 faizi hesab edir ki, Ukraynanın ittifaqa tamhüquqlu üzvlüyü vacib deyil, iqtisadi əlaqələrin genişləndirilməsi də kifayət edə bilər.
Avropa İttifaqına yaxın perspektivdə üzvlük perspektivinə inam da xeyli azalıb. Respondentlərin cəmi 6 faizi Ukraynanın qarşıdakı bir-iki il ərzində Aİ-yə qəbul olunacağını düşünür. Halbuki 2022-ci ilin martında bu fikirdə olanların göstəricisi 61 faiz təşkil edirdi.
Bundan başqa, Brüsselin Ukraynanın Avropa inteqrasiyasında maraqlı olduğuna inananların sayı da geriləyib. Bu göstərici ötənilki 50 faizdən 43 faizə enib.
