Norveç və Böyük Britaniya şimal dəniz bölgələrində Rusiya sualtı qayıqlarını aşkar etmək və onların fəaliyyətinin qarşısını almaq məqsədilə birgə əməliyyat həyata keçirib.
Army.az xəbər verir ki, bu barədə “VG” nəşri məlumat yayıb.
Məlumata görə, əməliyyatda hər iki ölkənin dəniz qüvvələri və hərbi aviasiyası iştirak edib. Norveçin müdafiə naziri Ture Onşuus Sandvik bildirib ki, bu çərçivədə patrul təyyarələri və freqatlardan istifadə olunub.

Sualtı qayıqların axtarışı zamanı Norveç və Britaniya qüvvələrinin coğrafi fəaliyyət sahəsi.
Sualtı qayıqların axtarışı zamanı Norveç və Britaniya qüvvələrinin coğrafi fəaliyyət sahəsi.
Onun sözlərinə görə, son həftələr ərzində Rusiya qüvvələri Norveç və Britaniya sularında fəallığını artıraraq Atlantik və yaxın akvatoriyalarda sualtı kabel və boru xətlərinin xəritələşdirilməsinə cəhd göstərib. Bu fəaliyyətin məqsədinin dərinlikdə yerləşən kritik infrastruktura qarşı kəşfiyyat və mümkün diversiya imkanlarını genişləndirmək olduğu ehtimal edilir.
Lakin müttəfiqlərin koordinasiyalı addımları nəticəsində bu hərəkətlər vaxtında izlənilib və Rusiya sualtı qayıqları bölgədən uzaqlaşdırılıb.

Norveçin NH90 helikopteri.
Norveçin NH90 helikopteri.
Britaniya müdafiə naziri Con Hili qeyd edib ki, müttəfiqlər bir neçə həftə ərzində üç Rusiya submərini izləyib və onların fəaliyyətini məhdudlaşdıraraq missiyanın qarşısını alıblar.
Hazırda kabel və boru xətlərində hər hansı zədələnmə qeydə alınmasa da, mütəxəssislər yoxlamaları davam etdirir. Eyni zamanda bildirilir ki, əməliyyat beynəlxalq sularda aparılıb və dəqiq məkan açıqlanmır.
Məlumatda həmçinin qeyd olunur ki, Rusiya tərəfi dərinliklərdə işləmək üçün xüsusi təyinatlı aparat və gəmilərdən istifadə edib ki, bunlar Müdafiə Nazirliyinin dərin su tədqiqatları üzrə qurumuna bağlıdır.
