ABŞ Hərbi Dəniz Qüvvələri yaxın onilliklərdə nüvə mühərrikli yeni nəsil döyüş gəmilərinin sayını artırmağa hazırlaşır.
Army.az xəbər verir ki, Vaşinqton 2056-cı ilə qədər 15 belə gəmini donanmanın inventarına daxil etməyi planlaşdırır.
ABŞ HDQ həmçinin ictimaiyyətdə “Trump” sinfi kimi tanınan yeni nüvə mühərrikli döyüş gəmilərinin texniki xüsusiyyətləri və maliyyə planı ilə bağlı detalları açıqlayıb.
Bildirilir ki, ABŞ yüksək istehsal və texniki xidmət xərclərinə görə uzun illərdir nüvə enerjisi ilə işləyən yeni döyüş gəmisi inşa etmirdi. Son belə layihənin əsası hələ 1977-ci ildə USS “Arkansas” gəmisi ilə qoyulmuşdu.
Mütəxəssislərin fikrincə, nüvə mühərriki döyüş gəmilərinə daha uzun məsafədə fasiləsiz fəaliyyət göstərmək, yüksək sürəti uzun müddət qorumaq və lazer silahları ilə güclü radar sistemlərini enerji ilə təmin etmək imkanı verir.
Bununla belə, bu tip gəmilər uzun illər baha başa gəldiyi üçün iqtisadi baxımdan səmərəli hesab olunmurdu.
Yeni plana əsasən, ilk nüvə mühərrikli gəminin 2036-cı ildə donanmaya təhvil verilməsi nəzərdə tutulur.
