Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin Qlobal Zərbələr Komandanlığı Kaliforniya ştatında yerləşən ABŞ Kosmik Qüvvələrinə məxsus “Vandenberg” Kosmik Qüvvələr Bazasından Minuteman III qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Buraxılış zamanı döyüş başlığı istifadə olunmayıb.
Army.az xəbər verir ki, bu barədə “Vandenberg” bazasının mətbuat xidməti məlumat yayıb.
“Məqsədyönlü GT 256 kodlu bu planlı buraxılış bir neçə il əvvəl planlaşdırılıb və dünyada baş verən hadisələrlə əlaqəli deyil. O, həm silah sisteminin özünü, həm də onu idarə edən heyəti ciddi şəkildə nəzarət olunan sınaq mühitində qiymətləndirmək üçün nəzərdə tutulmuş kompleks operativ testdir”, – deyə hərbi bazanın mətbuat xidməti bildirib.
ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının rəhbəri general Stiven Devisin sözlərinə görə, bu buraxılış qitələrarası ballistik raket qüvvələrinin hazırlıq vəziyyətini və döyüş qabiliyyətini yoxlamağa imkan verib.
