“Embraer” tərəfindən Çexiya üçün istehsal edilən ilk “Embraer C-390 Millennium” hərbi-nəqliyyat təyyarəsi Braziliyada sınaq uçuşunu həyata keçirib.
Army.az xəbər verir ki, şirkət “X” sosial şəbəkəsində paylaşdığı görüntülərlə platformanın ilk uçuş mərhələsini uğurla tamamladığını açıqlayıb.
Bildirilib ki, təyyarə Çexiya Hərbi Hava Qüvvələrinə təhvil verilməzdən əvvəl vacib əməliyyat testlərindən keçib.
Məlumata görə, Çexiya bu modeldən istifadə edən səkkizinci ölkə olacaq. Hazırda həmin platforma Braziliya, Portuqaliya, Macarıstan, Niderland, Avstriya, Özbəkistan və Koreya Respublikasının silahlı qüvvələrinin arsenalında yer alır.
İlk uçuşunu tamamlayan təyyarənin əlavə sınaqlardan sonra bu ilin ortalarında Çexiyaya çatdırılması planlaşdırılır.
