Türkiyədən göndərilən xüsusi axtarış-xilasetmə dəstələri Venesuelada baş verən güclü zəlzələlərdən sonra Karakasa çatıb və əməliyyatlara başlamaq üçün hazırlıq vəziyyətinə gətirilib.
Army.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Bildirilib ki, heyət iki hərbi yük təyyarəsi ilə Simon Bolivar Beynəlxalq Hava Limanına eniş edib. Türkiyəli xilasediciləri Venesueladakı səfir Naci Aydan Karamanoğlu qarşılayıb.
Səfirin sözlərinə əsasən, ölkədə 125 ildən sonra ilk dəfə 7,2 və 7,5 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində geniş ərazilərdə ciddi dağıntılar yaranıb, ən ağır vəziyyət isə La Quayra bölgəsində müşahidə olunur.
Karamanoğlu bildirib ki, zəlzələnin yaratdığı mənzərə Türkiyədə 2023-cü ilin fevralında yaşanan dağıdıcı zəlzələləri xatırladır. O, həmçinin Venesuela rəhbərliyinin Türkiyənin yardımına görə təşəkkür etdiyini qeyd edib.
