Montanada silahlı insident və yanğın 8 nəfərin həyatına son qoyub
ABŞ-ın Montana ştatının Billinqs şəhərində baş verən ağır hadisə nəticəsində səkkiz nəfər ölüb. Həlak olanlar arasında dörd uşağın olduğu bildirilir.
Army.az xəbər verir ki, hadisə avqustun 23-də şəhərdəki fərdi yaşayış evlərindən birində baş verib. Polisə həmin ünvanda atəş səslərinin eşidilməsi barədə məlumat daxil olduqdan sonra əməkdaşlar dərhal əraziyə göndərilib.
Polis hadisə yerinə çatarkən evin yanmaqda olduğu müəyyən edilib. Ərazidə güllə yarası almış bir kişi də aşkarlanıb. İstintaqın ilkin ehtimalına əsasən, həmin şəxs özünə atəş açıb.
Yaralı şübhəli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və sonradan tibb müəssisəsində vəfat edib.
Hadisənin motivləri və digər təfərrüatlarla bağlı araşdırma davam etdirilir.
