Aİ ölkələrinin səfirləri bu gün Brüsseldə Ermənistana yeni mülki missiya göndərilməsi barədə qərar qəbul ediblər.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilir ki, sözügedən addım qərarın gələn həftə Aİ xarici işlər nazirlərinin iclasında rəsmi şəkildə təsdiqlənməsinə zəmin yaradır.
Sənəddə qeyd olunur ki, missiyanın əsas məqsədi Ermənistanın hibrid təhlükələrə qarşı dayanıqlığını gücləndirməkdir. Bu çərçivədə qurum Ermənistanın nazirliklərinə və təhlükəsizlik strukturlarına strateji və praktiki məsləhətlər verəcək.
Missiyanın fəaliyyət istiqamətinə siyasətlərin hazırlanması, xarici informasiya manipulyasiyalarının aşkarlanması və qarşısının alınması, kiberhücumlar və qanunsuz maliyyə axınları ilə mübarizə daxildir. Həmçinin Ermənistanın təhlükəsizlik imkanlarının Aİ standartlarına uyğun şəkildə inkişaf etdirilməsi də nəzərdə tutulur.
Sənəddə vurğulanır ki, yaxın aylarda Ermənistanda keçiriləcək parlament seçkiləri, yerli seçkilər və mümkün konstitusiya referendumu ölkənin daxili sabitliyi və regional sülh baxımından mühüm sınaq olacaq.
