Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı ilə Ukrayna arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni tərəfdaşlığın başladıldığını açıqlayıb.
Army.az xəbər verir ki, o, Kiyevdə Ukrayna Dövlət Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, tərəflər bu çərçivədə pilotsuz uçuş aparatları (PUA) üzrə ayrıca saziş də imzalayıblar.
Ursula fon der Lyayen qeyd edib ki, bu səfər Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra onun Kiyevə etdiyi 11-ci səfərdir.
Avropa Komissiyasının Prezidenti vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə “Aİ–Ukrayna Müdafiə Sənayesi Tərəfdaşlığı”nın başlanmasına qərar verilib və ilk addım kimi PUA sahəsində əməkdaşlığı nəzərdə tutan saziş rəsmiləşdirilib.
