Braziliyada keçirilən prezident seçkiləri ilə bağlı xarici müdaxilə ehtimalı hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Federal Polis ABŞ-ın seçki prosesinə mümkün təsiri ilə bağlı ilkin araşdırmaya başlayıb.
Army.az Federal Polisin baş direktoru Andrey Rodriges məsələ barədə “O Globo” qəzetinə açıqlama verib.
Onun bildirdiyinə əsasən, Baş Prokurorluq xarici müdaxilə ehtimalının araşdırılması ilə bağlı müraciət edib. Sözügedən müraciət daha sonra Kəşfiyyat İdarəsinə yönləndirilib.
Rodriges qeyd edib ki, hazırda proses yalnız ilkin araşdırma mərhələsindədir. Bu səbəbdən məsələnin cinayət işi çərçivəsində araşdırılmasına dair hələlik rəsmi qərar açıqlanmayıb.
Federal Polisin rəhbəri, həmçinin ABŞ və Avstraliyanın Braziliyadakı diplomatik nümayəndəliklərinə qarşı real terror təhlükəsi və ya konkret hücum planlarının mövcud olması barədə yayılan məlumatları təkzib edib.
