Peyk texnologiyalarında əldə olunan irəliləyiş Ukrayna ordusunun döyüş meydanındakı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Artıq PUA operatorları qarşı tərəfin qoşunlarının hərəkəti və mövqeləri barədə məlumatları demək olar ki, real vaxt rejimində əldə edə bilirlər.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, Ukraynanın pilotsuz uçuş aparatı bölmələri yüksək keyfiyyətli peyk təsvirlərinə operativ çıxış əldə edib. Bu məlumatlar Rusiya qüvvələrinin cəbhədəki yerləşməsi və hərəkət istiqamətləri barədə daha sürətli məlumat toplamağa imkan verir.
Nəşr yazır ki, təxminən bir il əvvəl peykdən əldə olunan görüntülərin cəbhə xəttindəki bölmələrə ötürülməsi daha mürəkkəb və çoxpilləli proses idi. Məlumatların çatdırılmasının günlərlə vaxt aparması tez-tez mövqeyini dəyişən hədəflərin uzaqmənzilli PUA-larla vurulmasını çətinləşdirirdi.
