“Rusiya Ukrayna böhranının nizamlanmasına töhfə verə biləcək ölkələrin təşəbbüslərini müsbət qarşılayır”.
Army.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə uzun müddətdir sülh prosesinə dəstək verməyə və bu istiqamətdə vasitəçilik etməyə hazır olduğunu nümayiş etdirən ölkələr sırasındadır.
Peskov Rusiya və Ukrayna nümayəndələrinin ABŞ-ın vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan görüşün mümkün yekun razılaşmalar baxımından əhəmiyyət daşıdığını da bildirib. O qeyd edib ki, hər hansı sənədin imzalanmasından əvvəl tərəflər arasında kifayət qədər mürəkkəb və uzunmüddətli danışıqlar aparılmalıdır.
Kremlin nümayəndəsi Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu açıqladığını da xatırladıb.
Peskovun sözlərinə görə, Zelenski danışıqlar aparmaq istəyərsə, Moskvaya gedə bilər. Bununla belə, Kreml hesab edir ki, söhbət birbaşa sammit görüşündən gedirsə, əvvəlcə müəyyən razılaşmaların mətnləri hazırlanmalı və tərəflər arasında mürəkkəb danışıqlar prosesi başa çatdırılmalıdır.
