Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv dövlətlərinin gələn həftə keçiriləcək toplantısında Ermənistanın təşkilat daxilində səsvermə hüququnun dayandırılması məsələsinə baxıla bilər.
Army.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin məlumat verib.
Diplomatın sözlərinə görə, Ermənistan iki ildən artıqdır ki, təşkilata üzvlük haqqını ödəmir. Bu səbəbdən İrəvanın üzvlüyünün müvəqqəti dayandırılması və ya ödənişlər həyata keçirilənədək səsvermə hüququnun məhdudlaşdırılması məsələsi gündəmə gətirilə bilər.
Pankin qeyd edib ki, belə bir mexanizm təşkilatın nizamnaməsində nəzərdə tutulub və məsələ hüquqi baxımdan texniki xarakter daşıyır. Bununla belə, yekun qərarın qəbul edilməsi təşkilatın sədrindən asılı olacaq.
O xatırladıb ki, hazırda KTMT-yə Rusiya sədrlik edir və təşkilatın gündəliyindəki məsələlərə görə məsuliyyət daşıyır.
Rusiya rəsmisinin bildirdiyinə görə, qarşıdakı sammitdən əvvəl xarici işlər və müdafiə nazirlərinin, eləcə də təhlükəsizlik şuraları katiblərinin iştirakı ilə görüşlər keçiriləcək.
Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasının noyabrın 11-də Moskvada keçirilməsi planlaşdırılır.
