“Azərbaycan və Türkiyə ilə münasibətlərimizdə biz həmişə üçüncü ölkələr vasitəsilə hərəkət edirdik”.
Army.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Yəni bəyanat və planlarımızın 90 faizini və ya daha çoxunu üçüncü ölkələr vasitəsilə müzakirə edirdik. Kiminləsə üçüncü tərəf vasitəsilə ünsiyyət qurduğunuz zaman üçüncü tərəfin sizin mesajlarınızı ünvana düzgün çatdırdığına və öz mesajlarını ötürərkən düzgün davrandığına heç vaxt əmin ola bilməzsiniz, çünki üçüncü tərəfin öz ideyaları, öz maraqları, öz təsəvvürləri ola bilər və biz heç vaxt üçüncü tərəfin və üçüncü şəxslərin maraqlarının nə olduğunu bilmirik. ● Məhz buna görə də regionumuzda uzun illər sülh bərqərar olmurdu.
Biz mövqeyimizi dəyişdik, biz bəyan etdik ki, əgər Türkiyə və Azərbaycanla danışacaq mövzularımız varsa, ki şübhəsiz var, onda niyə danışmayaq? Çünki mesajımızın ünvana çatacağının və dəqiq cavab alacağımızın yeganə zəmanəti budur”, – deyə qeyd edib.
