Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı hərbçinin Ermənistan ərazisinə keçməsi ilə bağlı hadisəyə münasibət bildirib.
Army.az xəbər verir ki, Paşinyan “İnfoCom”un CTRL Z proqramına müsahibəsində deyib ki, hərbçi aşkarlanana qədər onun Ermənistan ərazisində olduğuna dair hər hansı sübut və ya əminlik olmayıb.
Azərbaycanlı hərbçinin Bakıda saxlanılan erməni hərbçilərlə dəyişdirilməsi ehtimalına da toxunan Paşinyan bu məsələlərin bir-birindən ayrı nəzərdən keçirilməsi barədə razılaşmanın olduğunu bildirib:
“Bizim razılaşmamız var ki, hərbçilərin keçməsi və geri qaytarılması proseslərinə digər məsələlərdən ayrı baxacağıq. Tutaq ki, desək, bu hərbçini qaytarmaq üçün bizə əsirlərdən bir neçəsini verin. Sabah bizim tərəfdən bir hərbçi keçsə, onu kimə verəcəyik?”
Baş nazir hadisənin diversiya xarakterli olması və Ermənistan ərazisinə bir neçə azərbaycanlı hərbçinin daxil olması barədə yayılan iddiaları da təkzib edib.
Paşinyan “3 nəfər” və ya “10 nəfər” şəxsin sərhədi keçməsi ilə bağlı versiyaları “tamamilə cəfəngiyyat” adlandırıb.
