ABŞ-ın müdafiə naziri Pit Heqsetin komandasının üzvləri Pentaqonda saxlanılan, keçmiş prezident Duayt Eyzenhauerin dövrünə aid tarixi qlobusa zərər vurublar.
Army.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, hadisə fevralın 3-də baş verib. Pentaqonda tarixi eksponatların daşınması və yerinin dəyişdirilməsi ilə xüsusi təlim keçmiş kuratorlar məşğul olurlar. Lakin həmin dövrdə hökumətin fəaliyyətinin qismən dayandırılması ilə əlaqədar bu mütəxəssislər ödənişsiz məzuniyyətə göndəriliblər.
Məlumata əsasən, Heqsetin komandası kuratorların işə qayıtmasını gözləmək istəməyib. Müdafiə nazirinin tarixi qlobusu öz ofisində yerləşdirməyə tələsməsi nəticəsində eksponatın kövrək səthi deşilib, qlobus isə fırlanmasını təmin edən bərkidici hissədən qopub.
Pentaqonun mətbuat katibi Kristofer Surric jurnalistlərə açıqlamasında qlobusun zədələndiyini təsdiqləyib.

