İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barrotun İranda insan hüquqları ilə bağlı narahatlığına sərt reaksiya verib.
Army.az xəbər verir ki, Əraqçi bu barədə “X” hesabında paylaşım edib.
İran XİN rəhbəri Fransanın Əlcəzairdəki müstəmləkəçilik tarixini xatırladaraq, Müstəqillik müharibəsi dövründə 1,5 milyon əlcəzairlinin Fransa tərəfindən öldürüldüyünü iddia edib. Onun sözlərinə görə, Paris onların onda birindən də azını rəsmi şəkildə qeydə alıb və Fransa hələ də müstəmləkəçilik dövründə törədilən cinayətlərə görə üzr istəməkdən imtina edir.
Əraqçi həmçinin Barrotu Minab məktəbinə qarşı törədilən hücuma münasibət bildirməməkdə ittiham edib.
İranlı nazir Fransanı insan hüquqları məsələsində “timsah göz yaşları” tökməməyə çağırıb.
