Rusiya 9M723 “İsgəndər-M” operativ-taktiki ballistik raketini daha yüksək dəqiqlik və radioelektron mübarizə vasitələrinə qarşı davamlılıq təmin edən “Kometa-M12R-VT” adlı yeni avtonom tuşlama sistemi ilə təchiz edib.
Army.az xəbər verir ki, bu barədə “Colonel GSh” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, modernləşdirmənin əsas elementi raketin burun hissəsində yerləşdirilən 12 elementli çoxkanallı rəqəmsal antena qəfəsidir. Bu sistem uçuşun ilkin və orta mərhələlərində peyk naviqasiya siqnallarını qəbul edərək raketin hədəfə yönəlmə dəqiqliyini artırır və radioelektron maneələrin təsirini minimuma endirir.
Uçuşun yekun mərhələsində isə “Kometa-R8” quyruq modulu aktivləşir. Bu modul iki ədəd dörd elementli, yüksək temperatura davamlı ARP-4T antena qəfəsləri ilə təchiz olunub və raketin naviqasiyasını sonadək dəstəkləyir.
Məlumata görə, əvvəlki modifikasiya “Kometa-MR12” adlanırdı. Buradakı “M” modernləşdirilmiş versiyanı, “R” isə raket təyinatını ifadə edir. Hərbi ekspertlər hesab edirlər ki, yeni versiyadakı “VT” indeksi sistemin yüksək temperatur şəraitində işləməsi üçün uyğunlaşdırıldığını göstərir.
