Ermənistana yaxın vaxtlarda Rusiyanın daha sərt təzyiq vasitələrindən istifadə edə biləcəyi iddia olunur.
Army.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Hakimiyyətə yaxın mənbələr bildirirlər ki, Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığından sonra Paşinyanın Qərbdəki tərəfdaşları ona təşvişə düşməməyi, Putinin təhdidlərinə və Ermənistanı seçim qarşısında qoymaq cəhdlərinə boyun əyməməyi tövsiyə ediblər:
“Telefon danışığı ilə bağlı Kremlin yaydığı açıqlama Paşinyanın aparatının təqdim etdiyi məlumatdan ciddi şəkildə fərqlənib. Rusiya tərəfi Ermənistanı növbəti dəfə Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etməyə çağırıb və bununla bağlı mümkün qədər tez referendum keçirilməsinin vacibliyini vurğulayıb.
Avropa tərəfdaşları Paşinyana vaxt qazanmağı tövsiyə ediblər. Onların fikrincə, Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələr Moskvanın mövqeyini zəiflədib və yaxın gələcəkdə Rusiya müəyyən məsələlərdə geri addım atmağa məcbur qala bilər”.
