İran ABŞ-ın tətbiq etdiyi dəniz blokadasının iqtisadi təsirlərini azaltmaq üçün yük daşımalarının bir hissəsini Rusiya və Xəzər dənizi üzərindən həyata keçirməyə başlayıb.
Army.az xəbər verir ki, İran Kənd Təsərrüfatı Nazirinin müavini Məhəmməd Rza Təlai IRNA-ya açıqlamasında bildirib ki, ticarət marşrutlarının dəyişdirilməsi ölkənin tam iqtisadi blokada təhlükəsindən yayınmasına imkan verib.
Onun sözlərinə görə, əvvəllər Hind okeanı üzərindən həyata keçirilən daşımaların bir hissəsi Rusiya və Xəzər dənizi istiqamətinə yönləndirilib.
Təlai qeyd edib ki, hazırda İrana idxal olunan yüklərin 30 faizindən çoxu ölkənin şimal limanları vasitəsilə daxil olur. O vurğulayıb ki, bu marşrutla əsasən ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan kənd təsərrüfatı məhsulları daşınır.
Nazir müavini ABŞ-nin blokadasının ölkənin daxili bazarında məhsul qıtlığına səbəb olmadığını da bildirib.
Qeyd edək ki, ABŞ iyulun 14-də İrana qarşı dəniz blokadasını yenidən tətbiq edib.
