Hindistan Yaxın Şərqdə davam edən gərginlik fonunda enerji istehlakına qənaət tədbirlərini gücləndirə bilər.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Analitiklərin qiymətləndirməsinə görə, 2026-cı ildə Hindistanda neftə tələbatın artımı pandemiyadan sonrakı dövrün ən aşağı səviyyələrindən birinə enə bilər. Mütəxəssislər bunu əsasən Fars körfəzi ətrafında baş verən hərbi qarşıdurmaların enerji bazarlarına təsiri ilə əlaqələndirirlər.
Araşdırma şirkəti Kpler neftə gündəlik əlavə tələbatın 78 min barel səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da əvvəlki gözləntilərdən təxminən 40 faiz aşağıdır.
Məlumata görə, Hindistan enerji daşıyıcılarının idxalından ciddi şəkildə asılıdır. Neft qiymətlərinin yüksəlməsi ölkənin neft emalı sektoruna və ümumi iqtisadi göstəricilərinə əlavə təzyiq yaradır. Bundan başqa, milli valyuta olan rupinin zəifləməsi vəziyyəti daha da çətinləşdirir.
