Tayvan Çin tərəfindən yarana biləcək ballistik raket təhlükəsinə qarşı müdafiə imkanlarını genişləndirməyə hazırlaşır.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Adanın administrasiyası yerli istehsal olan “Strong Bow” ballistik raket əleyhinə müdafiə sisteminin hazırlanmasını davam etdirir. Sistemin əsas məqsədi ən azı 70 kilometr yüksəklikdə uçan ballistik raketlərin qarşısının alınmasıdır.
“Strong Bow”un Tayvanın formalaşdırdığı çoxsəviyyəli “T-Dome” hava və raket hücumundan müdafiə kompleksinin xarici müdafiə halqasını təşkil etməsi planlaşdırılır. Sistemin daha aşağı qatlarında isə “Patriot PAC-3 MSE” və “Tien Kung III” komplekslərinin yerləşdirilməsi nəzərdə tutulur.
Tayvan Müdafiə Nazirliyi layihənin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaiti tələb edib. Plan çərçivəsində iki “Strong Bow” sistemi və 128 ədəd önləyici raketin alınmasına təxminən 1,13 milyard ABŞ dolları (36,1 milyard Tayvan dolları) ayrılması təklif olunur.
