Qırğızıstanın Almaniyadakı səfiri Omurbek Tekebayev Adolf Hitler və “ari irqi” anlayışı ilə bağlı diqqətçəkən paylaşım edib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Diplomat sosial şəbəkədəki yazısında millətin yalnız bioloji xüsusiyyətlərlə deyil, həm də insanın özünü hansı kimliyə aid etməsi ilə müəyyənləşdiyini bildirib.
Tekebayev iddia edib ki, “ari” adlandırılan genetik xüsusiyyət etnik almanların yalnız 18 faizində müşahidə olunur. O, bu fikrini Hitler üzərindən ironik şəkildə şərh edib.
“Əgər Hitler bu gün dirilsəydi və DNT analizlərinin nəticələrini görsəydi, ağlayardı. Düşünürəm ki, o, sadəcə ağlamaqla kifayətlənməzdi”, – deyə səfir yazıb.
Qırğız diplomat daha sonra qırğızların mümkün “ari kökləri” ilə bağlı nəzəriyyəyə də toxunub. Onun sözlərinə görə, bu yanaşmada Qərbdən gələn ari tayfalarının Şərqin Altay xalqları ilə qarışdığı və nəticədə qədim qırğızların əcdadları hesab edilən toplumun formalaşdığı irəli sürülür.
