“Ermənistanın əsas diqqəti Azərbayanla sülhün gətirəcəyi əsas amillərdən biri olan “Tramp marşrutu” (TRIPP) layihəsinin reallaşdırılmasına yönəlib və bu proses regional kommunikasiyaların açılmasına imkan verəcək”.
Army.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən “Concordia” sammitində panel müzakirəsində deyib.
O, TRIPP-in ölkəsi və iqtisadiyyatı üçün yeni mərhələnin başlanğıcına çevriləcəyini bildirib.
Panel zamanı Paşinyan ABŞ-la Ermənistan arasında informasiya texnologiyaları və süni intellekt sahələrində əməkdaşlığa da toxunub. O qeyd edib ki, ötən il avqustun 8-də ABŞ-la imzalanan anlaşma memorandumundan sonra Ermənistanda bir il ərzində süni intellekt istiqamətində üç mərkəz yaradılıb. Baş nazir bu layihələrdən ikisinin böyük həcmli investisiyalar əsasında həyata keçirildiyini vurğulayıb.
