Yelisey sarayının baş aşpazı Giyom Qomes 25 il ərzində dörd Fransa prezidentinə xidmət etdikdən sonra 2021-ci ildə vəzifəsini tərk edib. Onun ayrılığı uzun müddət sakit şəkildə baş vermiş gediş kimi təqdim olunsa da, jurnalist Florian Tardif öz kitabında hadisənin fərqli versiyasını ortaya qoyub.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tardifin yazdığına görə, Emmanuel Makron prezidentliyi dövründə qidalanmasına daha çox diqqət yetirməyə başlayıb. O, daha kiçik porsiyalara üstünlük verib və pendirdən imtina edib. Bununla belə, kitabda Fransa prezidentinin spirtli içki qəbulunu azaltmadığı iddia olunur.
Jurnalist Qomeslə Makron arasında yaranan fikir ayrılıqlarının əsas səbəbini menyu ilə əlaqələndirir. Onun sözlərinə görə, baş aşpaz ənənəvi fransız mətbəxinin yeməklərini hazırlamağa üstünlük verib, Makron isə daha yüngül qidalar istəyib.
Tardifin iddiasına əsasən, menyu ilə bağlı fikir ayrılıqları zamanla gərginliyə çevrilib və nəticədə Qomesin Yelisey sarayındakı vəzifəsindən ayrılmasına səbəb olub.
