İran parlamentinin deputatı Əhməd Bəxşayeş Ərdəstani ABŞ ilə İran arasında genişmiqyaslı müharibənin hər iki tərəf üçün ağır nəticələrə səbəb olacağını bildirib. Onun fikrincə, belə bir qarşıdurma çoxsaylı insan tələfatına və şəhərlərin dağıdılmasına gətirib çıxara bilər.
Army.az xəbər verir ki, Ərdəstani bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçinin mümkün “Qiyamət müharibəsi”nə hazır olmaq barədə açıqlamasını şərh edərkən səsləndirib.
Deputat qeyd edib ki, ABŞ İranı danışıqlardan imtina edəcəyi təqdirdə böyük müharibə ilə hədələsə belə, Tehran özünü müdafiə etməyə hazırdır.
Ərdəstaninin sözlərinə görə, əvvəlki 12 və 40 günlük müharibələr, eləcə də ABŞ ilə birbaşa qarşıdurma İran ordusunun döyüş təcrübəsini artırıb. O iddia edib ki, İran komandirləri ABŞ ilə hərbi qarşıdurmanın mümkünlüyünü görüb və indi daha səmərəli əməliyyat planları hazırlamaq imkanına malikdirlər.
