Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs cəhd göstərirlər. Türkiyə ilə Azərbaycan arasında tam həmrəylik, tale birliyi və qardaşlıq hüququ mövcuddur.
Army.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Prezidenti İlham Əliyevin dəvəti ilə Şuşaya səfərindən sonra ölkəsinə qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Birlik və bərabərlik mesajlarımızı ən güclü şəkildə verdik. Xocalı soyqırımı şəhidlərimizi rəhmətlə andıq, Xankəndiyə səfər etdik. Qəhrəmanlarımızın ruhunu şad etdik”, – deyə o bildirib.
Türkiyə və Azərbaycanın qırılmaz bağlarla bir-birinə bağlı iki qardaş ölkə olduğunu vurğulayan Ərdoğan qeyd edib ki, müxtəlif təxribatlara baxmayaraq, iki ölkə enerji, nəqliyyat və infrastruktur başda olmaqla bir çox strateji sahədə əməkdaşlığı meqalayihələrlə daha da inkişaf etdirib.
“İnşallah, atacağımız yeni addımlarla həmrəyliyimizi daha da möhkəmləndirəcəyik. Bütün bu məsələləri İlham qardaşımla görüşümdə müzakirə etdik”, – Türkiyə Prezidenti vurğulayıb.
