Şimali Koreya Konstitusiyasının yeni redaksiyasında Cənubi Koreyanın ölkənin cənubunda yerləşən müstəqil qonşu dövlət statusunda göstərildiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlətə məxsus “Nenara” informasiya portalında yayımlanan yenilənmiş Konstitusiya mətnində yer alıb.
Qeyd edək ki, Pxenyan 2024-cü ildə aparılan dəyişikliklərdən sonra ilk dəfə əsas qanunun yenilənmiş variantını ictimaiyyətə təqdim edib.
Yeni sənədə əsasən, Koreya Respublikası Şimali Koreyanın cənub sərhədində yerləşən ayrıca dövlət kimi təsvir olunur. Müvafiq dəyişiklik və əlavələrin martın 23-də 15-ci çağırış Ali Xalq Məclisinin ilk sessiyasında qəbul edildiyi qeyd olunur.
Konstitusiyanın ikinci maddəsində ölkənin ərazisi belə təsvir edilib:
“Koreya Xalq Demokratik Respublikasının ərazisi şimalda Çin Xalq Respublikası və Rusiya Federasiyası, cənubda isə Koreya Respublikası ilə həmsərhəd olan ərazini, eləcə də bu əsasda müəyyən edilmiş ərazi sularını və hava məkanını əhatə edir”.
Beləliklə, əvvəlki Konstitusiya mətnindən fərqli olaraq, yeni redaksiyada Cənubi Koreyanın adı birbaşa qonşu dövlət kimi qeyd edilib.
