Çinin ən yeni əsas döyüş tankı “Type 100” ilk dəfə olaraq ordunun müntəzəm bölmələrinin hərbi təlimlərində ictimai şəkildə nümayiş etdirilib.
Army.az xəbər verir ki, bu barədə “Defence Blog” nəşri məlumat yayıb.
Bu, tankın döyüş hissələrində göstərildiyi ilk hal hesab olunur və ehtimal edilir ki, artıq seriya istehsalı olan bu texnika qoşunlara verilməyə başlanılıb. Məlumatlara görə, tanklar Çinin şimal bölgələrində yerləşən bölmələrə təqdim edilib ki, bunu ərazinin relyefi də təsdiqləyir.
“Type 100” (digər adı ilə ZTZ-100) daha əvvəl yalnız Qələbənin 70 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş olunmuşdu.
Həmin təqdimatdan sonra tankın ictimaiyyət qarşısına çıxması nadir hallarda baş verirdi ki, bu da adətən ya layihənin tam tamamlanmadığını, ya da yeni platforma barədə məlumatların məqsədli şəkildə məhdud saxlanıldığını göstərir.
Lakin bu dəfə tankın parad yox, şərti döyüş şəraitində göstərilməsi məqsədli bir mesaj kimi qiymətləndirilir.
“Type 100” əvvəlki Çin tanklarından köklü şəkildə fərqlənir. Bu tanklar mərhələli inkişaf yolu keçmiş “Type 59” (Sovet T-55 modelinin surəti) və daha sonra yaradılmış “Type 99” kimi platformalardan fərqli olaraq daha innovativ yanaşma ilə hazırlanıb.
Yeni nəsil tanklar yalnız tapşırıqları müstəqil yerinə yetirməklə kifayətlənmir, həm də daha yüksək səviyyəli idarəetmə sistemləri ilə inteqrasiya olunur və bölmələrin koordinasiyasında aktiv rol oynayır.
Silahlanma konsepsiyası da modul prinsipi üzərində qurulub. Tankın iki əsas versiyası mövcuddur: “ağır” variant (125 və ya 105 mm top ilə) və “yüngül” variant (90 və ya 76 mm top ilə). Hər iki halda avtomatik doldurma sistemi ilə təchiz olunur ki, bu da müxtəlif döyüş şəraitlərinə uyğun çevik istifadə imkanı yaradır.
