NATO üzvləri ABŞ-ın İran ərazisində apardığı hərbi əməliyyatların yüksək texnologiyalı silahların, o cümlədən raketdən müdafiə sistemlərinin ehtiyatlarına təsirindən narahatlıq ifadə ediblər.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə silah istehsalının təcili şəkildə artırılması məsələsi əsas müzakirə mövzularından biri olacaq.
ABŞ Silahlı Qüvvələrinin xüsusilə “Patriot” tipli hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, yüksək dəyərli sursatlardan geniş istifadə etdiyi bildirilir.
Pentaqonun 12 may tarixli məlumatlarına əsasən, İrandakı əməliyyatlar ABŞ üçün 29 milyard dollardan çox xərc yaradıb və münaqişənin yaxın zamanda bitəcəyi ilə bağlı aydın proqnoz yoxdur.
NATO daxilində narahatlıq ondan ibarətdir ki, bu cür mürəkkəb silah sistemlərinin istehsalı və bərpası ehtiyatların xərclənmə sürətinə çatmaya bilər.
Alyansın 32 üzv ölkəsinin hərbi rəhbərləri həm mövcud imkanların tükənmə sürətini, həm də bu vəziyyətin NATO-nun ümumi çəkindirici gücünə və təhlükəsizlik balansına təsirini müzakirə edəcəklər.
