“Hazırda Azərbaycan və Gürcüstan arasında münasibətlər və dialoq üçün “ideal şərait” formalaşıb”.
Army.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Bakı ilə aparılan danışıqlar iki dövlət arasında standart diplomatik prosesdən daha çox dostluq və ortaq maraqlar əsasında qurulub.
Kobaxidze qeyd edib ki, tərəflər arasında enerji, qaz tranziti və elektrik ixracı sahələrində maraqlar qarşılıqlı şəkildə nəzərə alınır. O, xüsusilə Bakı-Tbilisi-Supsa boru kəmərinin fəaliyyətinin bərpasının Gürcüstan büdcəsi üçün mühüm gəlir mənbəyi olacağını vurğulayıb.
Onun sözlərinə görə, kəmərin fəaliyyətinin dayanması dövründə Gürcüstan dövləti potensial olaraq on milyonlarla lari gəlirdən məhrum olub. İstismarın yenidən başlaması ilə həmin vəsaitlərin dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulur.
Baş nazir əlavə edib ki, Gürcüstan üçün təminatlı təbii qaz tədarükünün həcmi də artırılıb.
