Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Azərbaycan hərbçisi Nəsimi Musayevin saxlanılması ilə nəticələnən hadisə ilə bağlı açıqlama verib.
Army.az xəbər verir ki, nazir oktyabrın 26-da parlamentdə jurnalistlərlə söhbəti zamanı polis əməkdaşının hadisə yerinə gecikməsi barədə səsləndirilən iddialarla razılaşmayıb.
Sarkisyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan 10 dəqiqə sonra polis əməkdaşı hadisə yerinə gəlib. O, hadisə barədə məlumat verən Ani Avetisyanla polis əməkdaşı arasında məsafənin kifayət qədər böyük olduğunu da qeyd edib.
Nazir bildirib ki, hazırda araşdırmada yeni faktlar üzə çıxmayıb. İstintaq prosesi yekunlaşdıqdan sonra məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan vətəndaşı Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian icmasının Şəki kəndində saxlanılıb. Ermənistan tərəfinin iddiasına əsasən, Musayev yaşayış məntəqəsindəki evlərdən birinə qanunsuz daxil olub və aşkarlandıqdan sonra odlu silahdan atəş açıb.
Hadisə ilə əlaqədar Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Azərbaycan vətəndaşı barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
